Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonunun əsas demoqrafik göstəriciləri

2017-ci ilin əvvəlinə Hacıqabul rayon əhalisinin sayı 73,6 min nəfər olmuşdur. Əhalinin ümumi sayından 37,0 min nəfəri və ya 50,3 faizi şəhər, 36,6 min nəfəri və ya 49,7 faizi isə kənd sakinləridir. Ötən il ərzində rayon əhalisinin sayı 1,2 min nəfər və ya 1,6 faiz artmışdır. Belə ki, rayonumuzda əhalinin sıxlığı bir  kvadrat kilometrə 46 nəfər təşkil etmişdir.
Rayon əhalisinin 49,5 faizini kişilər, 50,5 faizini isə qadınlar təşkil edir. Statistik hesablamalara görə, rayonda hər min kişiyə 1022 nəfər qadın düşür. Rayon əhalisinin orta yaş həddi 32,0, o cümlədən , kişilər üçün 30,9 , qadınlar üçün isə 33,1 yaş təşkil edir. Rayon əhalisinin ümumi sayından 25,1 faizi 0-14 yaşda, 69,6 faizi 15-64 yaşda, 5,3 faizi isə 65 və yuxarı yaşda olanlardır. Rayon əhalisinin 27,4 faizini 14-29 yaşda olan gənclər təşkil edir. Onların da yarıdan  bir qədər çoxu şəhər yerlərində yaşayırlar.

Artıq uzun illərdir ki, rayon əhalisinin artımı təbii hərəkət, məhz doğum  hesabına baş verir. Rayonun demoqrafik göstəricilərinə nəzər salarkən görərik ki, 2016-cı il ərzində rayonda 1470 nəfər, gündə təqribən 4 körpə dünyaya gəlmişdir. Əvvəlki illə müqayisədə rayonda doğulanların sayı 1 nəfər azalmışdır. Doğulan körpələrin 53,1 faizini oğlanlar, 46,9 faizini isə qızlar təşkil etmişdir. Rayon üzrə doğulan körpələrin 43,1 faizi şəhər yerlərində, 56,9 faizi isə kənd yerlərində qeydə alınmışdır. 2016-cı il ərzində rayonda 424 ölüm halları qeydə alınmışdır ki, bunlardan da 58,7 faizi kişilər, 41,3 faizi isə qadınlar olmuşdur. Rayon üzrə ölüm göstəricisinin 56,6 faizi şəhər yerlərində, 43,4 faizi isə kənd yerlərində qeydə alınmışdır. 2015-ci illə müqayisədə rayonda ölənlərin sayı 6 nəfər azalmışdır. 2016-cı ildə rayonda əhalinin təbii artım göstəricisi 1046 olmuşdur. Əvvəlki illə müqayisədə əhalinin təbii artım göstəricisi 5 nəfər artmışdır. Ötən il ərzində bir yaşa qədər ölən uşaqların sayı 15 nəfər olmuşdur. Bir yaşa qədər ölən uşaqların 46,7 faizini oğlanlar, digər 53,3 faizini isə qızlar təşkil etmişdir. Bu dövrdə bir yaşa qədər uşaq ölümü faktının 100,0 faizi də şəhər yerlərində qeydə alınmışdır. Əvvəllər olduğu kimi, körpə ölümünün əsas səbəbləri tənəffüs orqanlarının xəstəlikləri,  perinatal dövrdə əmələ gələn xəstəliklər, eləcə də, yoluxucu və parazitar xəstəliklərdir. Respublika üzrə əhalinin 0,7 faizi, doğulanların 0,9 faizi, ölüm hallarının 0,7 faizi , təbii artımın 1,0 faizi , bir yaşa qədər ölən uşaqların sayının 1,0 faizi Hacıqabul rayonunun payına düşür.

Doğumun  səviyyəsinə nikaha daxil olanların sayı da  əhəmiyyətli dərəcədə təsir göstərir. 2014-cü ildə Hacıqabul rayonunda 497 nikah bağlanmış və 78 boşanma faktı qeydə alınmışdır. 2015-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 8,2-dən 6,8-ə qədər azalmış, boşanmaların sayı isə 0,9-dan 1,1-ə qədər artmışdır. Ötən il ərzində Hacıqabul rayonu üzrə bağlanmış nikahların  53,1, boşanma faktlarının 56,4 faizi şəhər, müvafiq olaraq nikahların 46,9, boşanmaların isə 43,6 faizi kənd yerlərində qeydə alınmışdır.

2016-cı il ərzində Respublika üzrə bağlanan nikahların 0,7, qeydə alınmış boşanmaların isə 0,6 faizi Hacıqabul rayonunun payına düşür. Rayonda əhalinin ümumi say göstəricisinə təsir edən əsas amillərdən biri də əhalinin  miqrasiyasıdır. 2016-cı ildə daimi yaşamaq üçün rayona 269 nəfər gəlmiş,  139 nəfər isə rayondan getmişdir. 2016-cı ildə Hacıqabul rayonunda  miqrasiyanın müsbət saldosu 130 olmuşdur. 2017-ci il yanvarın 1-i vəziyyətinə Hacıqabul rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlərin sayı 2034 nəfər olmuşdur.

Hacıqabul rayonu Statistika İdarəsi 
      12.07.2017

Keçidlər