Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

Hacıqabul rayon Mədəniyyət Mərkəzi

Hacıqabul rayon Mədəniyyət Mərkəzi 1959-cu ildən dəmiryolçuların klubu kimi istifadə olunub.  Uzun müddət baxımsızlıq ucbatından yarasız vəziyyətə düşmüşdür. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları Hacıqabul rayonuna səfəri zamanı Mədəniyyət Mərkəzində yenidən əsaslı təmir-bərpa işlərinin aparılmasını göstəriş vermişdir. Bina həmin ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin balansına verilib. 2008-ci ilin mayında binada təmir və yenidən qurma işlərinə başlanılmışdır. Xüsusi layihə ilə tikilmiş binanın ümumi sahəsi: 1030 m2,  tamaşaçı zalının ümumi sahəsi 512 m2  təşkil edir. İnzibati və texniki otaqların sayı 19 otaqdan ibarətdir, tamaşaçı zalında 323 oturacaq vardır. Səhnə müasir üslubda yenidən qurulub, girişdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mədəniyyətə qayğı və diqqətinin əks etdirən foto stend var. Binanın həyətində təqribən 150 kvadrat metr ərazidə yaşıllaşdırma işləri aparılıb. Agac, dekorativ güllər əkilib. 190 kvadrat metr əraziyə tamet döşənib. 2007-ci ildən 2015-ci ilədək rayon Mədəniyyət evi olaraq fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 217 nömrəli əmrinə əsasən 29.04.2015-ci il tarixindən rayon Mədəniyyət Mərkəzi statusu almışdır. Mədəniyyət Mərkəzinin binası Sabirabad   Regional Mədəniyyət İdarəsinin  balansındadır.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2019-cu il üçün təsdiq  olunmuş  şəbəkə göstəricisinə uyğun olaraq, Hacıqabul rayon Mədəniyyət Mərkəzinin tabeliyində  6  kənd mədəniyyət  evi,  1 şəhər, 1 qəsəbə, 6  kənd  klub müəssisələri fəaliyyət göstərir.
Ünvan: Hacıqabul rayon Həmid Həmidov küçəsi №1
Tel: (021) 204-22-63  
E-poçt hajigabul.mm@mail.ru


Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi:

Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 27 avqust 1990-cı ildə Hacıqabul rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 05 saylı qərarı ilə yaradılmışdır. Hacıqabul rayon Mərkəzi kitabxanasının əsası 1939-cu ildə qoyulmuşdur. 01 yanvar  2020-ci il tarixinə olan məlumata əsasən Hacıqabul rayonunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sisteminə daxil olan 27 dövlət kütləvi kitabxanası fəaliyyət göstərir. Bu kitabxanalardan 1-i rayon Mərkəzi kitabxanası, 9-zu şəhər və qəsəbə kitabxanası, 17-si isə kənd kitabxana filialıdır.
Rayon Mərkəzi Kitabxanasının aşağıdakı şöbələri vardır:
Oxuculara xidmət şöbəsi
Oxuculara xidmət şöbəsinin işi oxuculara kitab və digər informasiya daşıyıcıları vasitəsilə xidmətdən ibarətdir. 01 yanvar 2020-ci il tarixinə olan məlumata görə oxuculara xidmət şöbəsinin kitab fondu 11343 nüsxədən ibarət olmuşdur. Bundan 7458 ədədi latın qrafikalı ədəbiyyatdır. 01 yanvar 2020-ci il tarixinə Oxuculara xidmət şöbəsinin kitab fondundan 1739 nəfər oxucu istifadə etmişdir. Oxuculara xidmət şöbəsində açıq rəf üsulundan istifadə edilir. Oxucular fonda daxil olaraq sərbəst şəkildə ədəbiyyatla tanış ola bilərlər. Oxucu kütləsinin çoxunu gənclər təşkil edir, bunlar əsasən məktəblilər və tələbələrdir. Sorğu Oxuculara xidmət şöbəsində olmadıqda digər kitabxanalarla əlaqə saxlanılaraq mübadilə formasından istifadə edilir.
Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi:
Kitabxananın Elektron kataloqunun idarə olunması, elektron resursların, bazalarının yaradılması, Elektron kataloqun “Kataloqlaşdırma”, ”Komplektləşdirmə”, “Oxucu”, “Kitab verilişi” modullarının işini təşkil etmək, habelə “Administrator” modulu vasitəsi ilə sistemin fəaliyyətinə nəzarət və koordinasiya etmək funksiyasını həyata keçirir. MKS-də kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işini təşkil edir.
Şöbə müdiri mütəmadi olaraq kitabxana rəhbərliyini kitabxanada həyata keçirilən avtomatlaşdırma prosesi haqqında məlumatlandırır və təkliflər verir.


İnformasiya-resurs şöbəsi:

Şəhər (rayon) Mərkəzi Kitabxanasında yeni yaradılan bu şöbə kitabxananın Veb-saytının idarə olunması (veb - saytın operativ yeniləşməsi, əlavə və dəyişiklərin edilməsi, domen və hostinqin fəaliyyətinə nəzarət), şəbəkənin antivirus proqramının, habelə lokal və İnternet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir. Şöbə kitabxananın Elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. Habelə dövrü mətbuatın təsvirini “Kataloqlaşdırma” modulu vasitəsi ilə həyata keçirir. ”Kataloqlaşdırma “ modulunun bazasından istifadə edərək elektron resursların bazalarının yaradılmasını həyata keçirir.
Uşaq şöbəsi:
Uşaq şöbəsi  kitabxanada uşaqlara xidmət işinin təşkili prosesinə rəhbərlik edir, şöbədə Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemindən istifadə edərək Elektron kataloqun “Oxucu” və Kitab verilişi” modullarının işlənməsini təmin edir.
Metodika və Biblioqrafiya şöbəsi:
Metodika və Biblioqrafiya şöbəsində illik iş planı tərtib edilir. Plana əsasən şəhər, qəsəbə kənd kitabxana-filiallarına gedişlərin qrafiki tərtib edilir. İl ərzində aylıq və rüblük iş planlarının tərtibində kitabxana-filiallara köməklik göstərir. Hər il üzrə seminar məşğələlərinin təxmini mövzularını tərtib edir. İl ərzində MKS üzrə görüləcək işlərlə, əlamətdar günlərlə əlaqədar təqvimlər və metodiki məktublar hazırlayıb kitabxana-filiallara göndərir. Kitabxana-filialların işini təhlil edir. Metodiki tövsiyələrin yerinə yetirilməsinə nəzarət edir. Kitabxana filiallara təcrübi köməklik göstərir. Oxuculara kömək məqsədi ilə soraq-biblioqrafiya aparatını təkmilləşdirir, kitabxana-biblioqrafiya biliklərini təbliğ edir. Yeni daxil olan ədəbiyyatlar haqqında bülletenlər tərtib olunur. Kitab fondunun təbliği ilə əlaqədar olaraq Şifahi, Əyani, Yazılı təbliğat formalarından istifadə olunur.
Kitabişləmə və Komplektləşdirmə şöbəsi:
Mərkəzi kitabxanaya yeni daxil olan ədəbiyyatın uçota alınması, kitabxana qaydası ilə işlənməsi və kitabxana-filiallar arasında bölünməsi ilə məşğul olur. Kitabişləmə və Komplektləşdirmə şöbəsinə 2020-ci ildə 623 ədəd kitab daxil olmuşdur.

Onlardan:
1. Mədəniyyət  Nazirliyi tərəfindən hədiyyə edilmiş - 578 nüsxə
2. M.F.Axundov adına Milli kitabxanadan -  24 nüsxə
3. F.B.Köçərli adına Respublika uşaq kitabxanası - 12 nüsxə
4. Oxucular tərəfindən hədiyyə - 9 ədəd təşkil edir.
Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru: Həsənov Dövran Zülfəli oğlu.

                     
Hacıqabul şəhər 7 illik Uşaq Musiqi məktəbi:

Məktəb 1990-cı ildən fəaliyyətə başlamışdır. Məktəb 17 sinif otağı, 1 direktor 1 dərs hissə müdiri 50 nəfərlik konsert zalından ibarətdir. Hazırda Musiqi məktəbində şagirdlərə 7 ixtisas üzrə 48 müəllim ibtidai musiqi təhsili verir. Onlarla məktəbin məzunları Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən orta ixtisas musiqi texnikumlarını bitirərək təhsil aldığı məktəbdə müəllim kimi fəaliyyət göstərirlər. Məktəbin şagirdləri Respublika baxış müsabiqələrində daima iştirak etmiş və bir neçə müsabiqələrin qalibi olmuşdur. Məktəb uyğunlaşdırılmış binada yerləşir. Yeni məktəbin tikintisinə böyük ehtiyac vardır.

Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu haqqında məlumat.

Hacıqabul ərazisi qədim tarixi abidələrlə zəngin olan rayonlardan biridir. Rayon ərazisində yerləşən tarixi abidələrdən özünəməxsus yeri olan “Pir Hüseyn Xanəgahı” Qubalıbaloğlan kəndi ərasizində yerləşir.  Xanəgah kompleksi böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanın elmi fikir tarixində, islam-fəlsəfi fikrinin formalaşmasında  mühüm rol oynamış Pir Hüseyn Şirvaninin (Şeyx  Əl Hüseyn ibn Əli) məzarı ətrafında formalaşmışdır. Kompleks Bakıdan 127 km qərbdə, Hacıqabul rayonu Qubalıbaloğlan kəndində, Pirsaat çayı sahilində, qədim Bakı-Salyan ticarət-karvanı yolu üzərində yerləşir.  Pir Hüseyn Şirvani 954-cü ildə anadan olmuş, 1072-ci ildə, ömrünün ahıl vaxtında,118 yaşında  vəfat etmişdir. Pir Hüseyn Şirvani yaşadığı dövrün dahi diplomatı, islam nəzəriyyəçisi və sufilikdə “Qələndəriyyə” təriqətinin başçısı olmuşdur.  Pir Hüseyn Şirvani Şirvan şahlarından I Məniçöhr ibn Yəzdin,Əli ibn Yəzdin, Qubad ibn Yəzdin, Buxt Nəssar Əli ibn Əhmədin və Şirvan Sallar ibn Yəzdinin dövründə yaşamış və bu beş Şirvan şahın köməkçisi və vəziri olmuşdur.  Başqa tarixi abidələrimiz kimi “Pir Hüseyn Xanəgahı” da nəhayət, öz layiqli qiymətini müstəqillik dövründə almışdır.  Mədəniyyət Nazirliyinin 22 yanvar 2004-cü il 19 №-li əmri ilə ölkə əhəmiyyətli tarixi abidə kimi dövlət qeydiyyatına alınmışdır. Bu əmrdən dərhal sonra qoruq ərazisində bərpa-rekonstruksiya işləri başlanmışdır. Gərgin keçən iki illik təmir işlərindən sonra 2007-ci il oktyabr ayının 1-də qoruğun təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Mədəniyyət Naziri və digər rəsmi şəxslər, o cümlədən ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirlərinin və diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Açılışdan sonra ilbəil qoruğa gələn xarici və yerli turistlərin sayı durmadan artmaqda davam edir. Qeyd edim ki, rayon ərazisində 14 qeydiyyata alınmış abidə vardır ki, bunlardan 7-si “Pir Hüseyn Xanəgahı” qoruğunda yerləşir.

1.Sərdabə-XI Əsr.inv.№219
2.Qala divarlar-XIII Əsr.inv.№220
3.Məscid və minarə-XIII Əsr.inv.№221
4.Karvansaray-XIII Əsr.inv.№222
5.Köməkçi otaqlar-XIV Əsr.inv. №223
6.Türbə(orta əsr)Qubalıbaloğlan-inv.№224
7.Köhnə qəbristanlıq(orta əsr)Qubalıbaloğlan-inv.№5817

Ölkə prezidenti Cənab İlham Əliyevin Mədəni İrsin Qorunması və gələcək nəsillərə olduğu kimi çatdırılması üçün verdiyi tapşırıq və tövsiyyələrin məsuliyyətini daim öz üzərimizdə hiss edərək çalışacağıq ki, bu işin öhdəsindən layiqincə gələk və qoruğumuza gələn ziyarətçilərin rahat ekskursiya keçmələrini təmin edək.
Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı”tarix-memarlıq qoruğunun ştat cədvəli üzrə 17 işçisi vardır.


Tarix-Diyarşünaslıq muzeyi

Hacıqabul rayon Tarix-Diyarşünaslıq muzeyinin əsası 1989-cu ildə, onun ilk direktoru olmuş Hüseyin Hənifə oğlu İsayev tərəfindən qoyulmuşdur. 1000-ə yaxın eksponatla iki kiçik otaqda yerləşmiş həmin muzey normal fəaliyyəti üçün şərait olmadığından 1993-cü ildə bağlanmış, 10 il sonra onun fəaliyyəti bərpa olunmuşdur.
2003-cü ildə yenidən fəaliyyətə başlamış muzey iki böyük zal və üç köməkçi otaqda fəaliyyət göstərməklə, 4058-ə qədər eksponat 15 kolleksiyada (saxsı, bürünc, alüminium, parça, polad, kağız) toplanıb. Saxsı, mis və digər materiallardan hazırlanmış, əkinçilik, maldarlıq, toxuculuq (xalçaçılıq) kimi fəaliyyətlərə aid əşyalarla bərabər, elm, incəsənət, təhsil, hərb, dəmir yolu kimi sahələrlə bağlı sənəd, şəkil və digər eksponatlar rayonun tarixi, onun görkəmli adamları barədə kifayət qədər məlumat verir.
Muzeyin fəaliyyət göstərdiyi illər ərzində bura minlərlə tamaşaçı gəlmiş, müəssisədə çoxsaylı tədbirlər keçirilmiş, telesujetlər çəkilmiş, muzeyin işi və fondu ilə bağlı xeyli sayda mətbuatda material hazırlanmışdır.
 

Heydər Əliyev Mərkəzi


Muzeyin açılışı 10.05.2008-ci il tarixində Ümummilli lider Heydər Əliyevin doğum günündə rayon ictimaiyyətinin iştirakı ilə olmuşdur. Təşkilat kimi 2009-cu il fevral ayından fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə muzeylər mərkəz adlandırılmışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 23.04.2012-ci il tarixli 5 nömrəli Qərarı ilə Heydər Əliyev mərkəzlərinin Nümunəvi Əsasnaməsi təsdiq edilmişdir. Mərkəzin fondu ümumilikdə 7 bölmədə yerləşdirilib. Bunlardan kino zalı, konfrans otağı, foto studiya, xalq yaradıcılıq studiyası, rəsm studiyası, linqafon kabineti, Elektron kitabxana mövcuddur. Muzeydə il ərzində nəzərdə tutulmuş tədbirlər keçirildikdə fotoşəkillər çəkilir şəkil albomunda yerləşdirilir. Tədbirlərin video çəkilişi aparılır.

Keçidlər