Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Sosial-iqtisadi göstəricilər

2020-ci ilin yanvar-iyun aylarında Hacıqabul rayonunun iqtisadi və sosial həyatında son illərdə müşahidə olunan yüksəliş nəzərə çarpacaq dərəcədə yenə davam etmiş və rayonun iqtisadiyyatının inkişafını əks etdirən makrogöstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə müəyyən dərəcədə yaxşılaşmışdır.

Sənaye:

2020-ci ilin yanvar-iyun aylarında reyesterdə öz əksini tapmış sənaye müəssisələrindən 11-i fəaliyyət  göstərmiş və onların 9-u iri və orta, 2-si isə kiçik sənaye müəssisəsidir.2020-ci ilin yanvar-iyun aylarında sənaye sahəsində fərdi sahibkarlar və ev təsərrüfatları da nəzərə alınmaqla faktiki qiymətlərlə 13241,6 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye sahəsində faktiki qiymətlərlə məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 27,8 faiz azalmışdır. Sənaye sahəsində işin həcminin 33,0 faizi sənaye xarakterli  xidmətlər, 67,0 faizi isə məhsul istehsalı olmuşdur. 2020-ci ilin yanvar-iyun aylarında sənaye xarakterli xidmətlərin həcmi 4373,3 min manat, sənayedə istehsalın həcmi isə 8868,3 min manat olmuşdur. Hesabat dövrü ərzində əmtəəlik 66,9 Qvt.saat elektrik enerjisi, 25,8 mln.kubmetr təbii qaz, 0,1 min Qkal. buxar, 1465,0 min kub.metr içməli su, 6,1 min manatlıq tullantı suları, 1262,7 min kv.m keramik metlax, 21,2 ton kağız məhsulları istehsal olunmuş və istehlakçılara göndərilmişdir. Respublikamızda azad sahibkarlıq mühitinin formalaşması yeni təsərrüfat formalarının yaranmasına təkan vermişdir. Fərdi sahibkarlıq buna nümunədir. Cari ilin yanvar-iyun aylarında rayon üzrə sənaye sahəsində fəaliyyət göstərən fiziki  şəxslər və ev təsərrüfatları tərəfindən 74,3 min manatlıq məhsul istehsalı qeydə alınmışdır.2020-ci ilin yanvar-iyun aylarında sənaye sahəsində işləyənlərin sayı 1250 nəfər olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə çalışanların say göstəricisi 90,5 faiz təşkil etmişdir.Sənayedə çalışanlara 3705,5 min manat əməkhaqqı fondu hesablanmış, bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 494,1 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənayedə çalışan bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı göstəricisi 7,6 faiz azalmışdır. Emal sənayesi və təbii qaz təchizatı sahəsində çalışanların orta aylıq nominal əməkhaqqı göstəricisi rayon üzrə orta aylıq əməkhaqqı göstəricisindən daha yüksək olmuşdur.

Nəqliyyat və Rabitə:

Son illərdə azad sahibkarlıq mühitinin getdikcə formalaşması yeni nəqliyyat xidməti  formalarının yaranmasına  təkan vermişdir. Bu da rayondakı nəqliyyat xidmətinin böyük hissəsinin yeni yaradılmış sahibkarlıq subyektlərinin üzərinə yüklənməsinə səbəb olmuşdur. 2020-ci ilin əvvəlinə rayonda 6956 ədəd avtomobil mövcud olmuşdur  ki,  bunlardan da 82,8 faizi minik, 14,4 faizi yük, 1,8 faizi sərnişin avtobusları, 1,0  faizini isə digər təyinatlı avtomobillər təşkil etmişdir. Hazırda Hacıqabulda hər 100 ailəyə 38 şəxsi minik avtomobili düşür. 2020-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə hüquqi və fiziki şəxslər tərəfindən 98,0 min ton yük, 2073 min nəfər sərnişin daşınmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayonda nəqliyyat sektorunda yükdaşımaların həcmi 24,0 faiz, sərnişin daşınmaların həcmi isə 26,6 faiz azalmışdır. 

Rayon əhalisinin telefon təminatını inkişaf etdirmək üçün 7416 nömrə tutumuna malik olan 18 ATS fəaliyyət göstərmişdir. Əsas telefon aparatlarının sayı 6555 nömrə təşkil etmiş, onların 92,2 faizi əhalinin istifadəsinə verilmişdir. Rayonda hər 100 ailədən 42-nin telefon təminatı vardır.2020-ci ilin yanvar-iyun aylarında rayonda rabitə sektorunda 391,1 min manatlıq xidmətlər qeydə alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz çoxdur. Bu dövr ərzində Hacıqabul rayonunun rabitə  müəssisələrində  çalışanların sayı 36 nəfər olmuşdur ki, bunlardan da bilavasitə 11-i qadınlardır. Rabitə sahəsində çalışanların əməkhaqqı fondu 71,8 min manat, bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı göstəricisi isə 332,4 manat təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rabitə sahəsində çalışan bir işçinin orta aylıq əməkhaqqı göstəricisi 16,7 faiz artmışdır. Rabitədə çalışan bir qadın işçinin orta aylıq nominal əməkhaqqı göstəricisi isə 291,6 manat təşkil etmişdir.

Kənd təsərrüfatı:

Hacıqabul rayonunun iqtisadiyyatının əsas hissəsini kənd təsərrüfatı təşkil edir. Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, bostançılıq və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı rayonun təsərrüfatlarında qarğıdalı, kartof, meyvə və üzüm məhsulu da istehsal edilir. Hacıqabul rayonu ərazisində şəkər çuğunduru və vələmir bitkilərinin əkininə də başlanılmışdır. Belə ki, cari ildə rayon üzrə 3115,8 hektar sahəyə yazlıq bitkilər, o cümlədən 885,8 hektar sahəyə cari ilin çoxillik otları, 305 hektar sahəyə dən üçün qarğıdalı, 82 hektar sahəyə sorqo, 50 hektar sahəyə vələmir, 518 hektar sahəyə tərəvəz, 471 hektar sahəyə bostan bitkiləri, 40 hektar sahəyə kartof, 504 hektar sahəyə şəkər çuğunduru, 260 hektar sahəyə pambıq əkilmişdir.Keçən ilə nisbətən 2020-ci ildə bəzi yazlıq bitkilərin əkin sahələrində artım müşahidə olunur. Keçən illə müqayisədə cari ilin  vələmir sahəsi 85,1 faiz, sorqo sahəsi 9,3 faiz, çoxillik otlar 10,7 faiz, şəkər çuğunduru isə 2,9 dəfə çox olmuşdur. Əkilmiş 28618 hektar sahənin 23898 hektarını və ya 83,5 faizini payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin, 518 hektarını və ya 1,8 faizini tərəvəz, 471 hektarını və ya 1,7 faizini ərzaq üçün bostan, 40 hektarını və ya 0,1 faizini kartof, 846 hektarını və ya 3,0 faizini texniki bitkilərin, 2845 (360 hektarı xəsil) hektarını və ya 9,9 faizini keçmiş illərin əkinləri də nəzərə alınmaqla yem bitkilərinin əkin sahəsi təşkil edir.

27.07.2020-ci il tarixinə 13793 hektar biçilmiş taxıl sahəsindən 40933,0 ton taxıl məhsulu yığılmışdır. 2020-ci ilin məhsulu üçün biçilmiş payızlıq dən sahələrinin 6787 hektarı buğda, 7006 hektarı isə arpa sahəsi olmuşdur. Mövsüm ərzində 17413,0 ton buğda, 23520 ton arpa məhsulu toplanmışdır. Ümumilikdə rayon üzrə taxıl bitkilərinin məhsuldarlığı hər hektara 29,6 sentner, o cümlədən buğda məhsulu üçün 25,6 sentner, arpa məhsulu üçün 33,6 sentner olmuşdur.2020-ci ilin iyulun 1-i tarixinə rayonun kənd əməkçiləri tərəfindən 518 hektar tərəvəz sahəsinin 238,3 hektarından 2812,3 ton tərəvəz, 471 hektar bostan sahəsinin 85 hektarından 1774,0 ton bostan, 40 hektar sahədən 449,0 ton kartof məhsulu yığılmışdır. Abdulabad və Meynəman kənd inzibati ərazi dairələrində daha çox tərəvəz, bostan və kartof bitkilərinin məhsulu toplanmışdır. Hesabat dövründə rayon üzrə meyvə bağlarından 781,0 ton meyvə yığılmışdır. Tərəvəz, bostan və meyvə yığımı davam edir.Bu il rayon ərazisində texniki bitkilərin yetişdirilməsinə geniş yer verilmişdir. Belə ki, bu il 260 hektar sahəyə pambıq, 504,0 hektar sahəyə isə şəkər çuğunduru əkilmişdir.

Cari ilin altı ayında təqdim olunan statistik məlumatlara və müvafiq hesabatlara görə bütün təsərrüfat kateqoriyalarında diri çəkidə ət, süd və yun istehsalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artmışdır.Keçən ilin müvafiq dövrünə  nisbətən rayonda ət istehsalı 528,7 ton və ya 11,9 faiz, süd istehsalı 228,0 ton və ya 2,2 faiz, yun istehsalı isə 2,0 ton və ya 0,9 faiz artmış, yumurta istehsalı isə 33,7 faiz azalmışdır.Rayonda 2020-ci ilin iyulun 1-i vəziyyətinə 35140 baş iri buynuzlu mal-qara, o cümlədən 15331 baş inək və camış, 130127 baş qoyun və keçi mövcud olmuşdur.2019-cu ilin birinci yarısı ilə müqayisədə mal-qaranın baş sayında azalma müşahidə olunur. Bu isə rayon ərazisində örüş və otlaq sahələrinin əkin fonduna qatılması səbəbindən yaranmışdır. 

2020-ci ilin birinci yarımilində bitkiçilik və heyvandarlıq məhsullarının keçən ilin müvafiq dövrünə nisbətən artması bütövlükdə kənd təsərrüfatının ümumi məhsulunun müqayisəli qiymətlərlə dəyərini artırmağa imkan vermişdir.

Əmək bazarı:

Əhalinin həyat səviyyəsinin formalaşmasında digər amillərlə  yanaşı məşğulluğun dəyişməsi və onun əmək bazarına təsiri mühüm rol oynayır. 2020-ci il iyulun 1-i vəziyyətinə işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhalinin sayı 37,2 min nəfər olmuşdur. Bu isə ümumi rayon əhalisinin tərkibinin 48,4 faizini təşkil edir. İqtisadi fəal əhalinin tərkibində məşğul əhalinin xüsusi çəkisi 78,0 faiz, məşğulluq xidmətləri orqanı tərəfindən işsiz statusu verilmişlərin xüsusi çəkisi isə 22,0 faiz olmuşdur. Məşğul əhalinin 15,1 faizi dövlət sektorunda, 84,9 faizi isə qeyri-dövlət sektorunda çalışır. Bazar iqtisadiyyatına keçid şəraitində rayonun sosial-iqtisadi vəziyyətini müəyyən edən amillərdən biri də əhalinin məşğulluğudur.Son illərdə rayondakı məşğul əhalinin tərkibində dövlət sektorunun payının tədricən azalması, qeyri-dövlət sektorunun payının artması müşahidə olunur. Xüsusi mülkiyyətdə olan sahələrdə məşğul əhalinin əsas hissəsi tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sferalarında çalışır.Rayon məşğulluq xidməti orqanı tərəfindən 2020-ci il iyulun 1-nə rəsmi işsiz statusu almış şəxslərin sayı 8173 nəfər kimi qeydə alınmışdır. Bu işsizlərin 54,7 faizini qadınlar, 45,3 faizini kişilər təşkil etmişdir. Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq nominal əməkhaqqı göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,0 faiz artaraq 476,7 manat olmuşdur. Rayonda muzdla işləyən bir qadın işçinin orta aylıq nominal əməkhaqqı 36,8 faiz artaraq 437,4 manat təşkil etmişdir. Ən yüksək əməkhaqqı maliyyə, nəqliyyat, rabitə, tikinti, idarəetmə sahələrində qeydə alınmışdır.      2020-ci ilin yanvar-iyun aylarında 702 yeni iş yeri açılmışdır ki, bunların da bilavasitə 546-sı daimi iş yerləridir.

Tikinti:

Respublikanın bütün rayonlarında olduğu kimi Hacıqabul  rayonunda  da  təmir-tikinti, abadlıq və yol, tikinti işlərinə xüsusi diqqət yetirilir.  Bu sahədəki işlər respublika Prezidentinin regionların sosial-iqtisadi inkişafı proqramlarının təsdiqindən sonra daha da intensivləşdirilmişdir.2020-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələri hesabına 1484,7 min manatlıq əsas fondlar istifadəyə verilmiş, iqtisadiyyatın və sosial sahələrin inkişafına əsas kapitala 7569,4 min manatlıq investisiyalar yönəldilmişdir.  İnvestisiyaların 7278,2 min manatı və ya 96,2 faizi tikinti quraşdırma işlərinə yönəldilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayon ərazisində əsas kapitala yönəldilmiş invesitisiyaların həcmi 30,4 faiz, tikinti quraşdırma istiqamətində investisiyaların həcmi isə 30,3 faiz azalmışdır. 2020-ci il yanvar-iyun aylarında rayon üzrə adambaşına düşən investisiyanın həcmi 99,5 manat təşkil etmişdir. 2020-ci ilin yanvar-iyun aylarında 7115 kv.metr fərdi yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,9 faiz azdır. 2020-ci ilin yanvar-iyun aylarında qeydiyyatdan keçmiş tikinti təşkilatlarından 4-ü fəaliyyət göstərmiş və onlar öz gücləri ilə 24295,8 min manatlıq tikinti quraşdırma işləri yerinə yetirmişlər. 2020-ci ilin yanvar-iyun aylarında fəaliyyət göstərmiş podratçı tikinti təşkilatlarında çalışanların orta siyahı sayı 78 nəfər olmuşdur. Bu sahədə çalışanlar üçün hesablanmış əməkhaqqı  fondu 204,5 min manat təşkil etmiş və bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 436,0 manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə podratçı tikinti təşkilatlarında işləyənlərin sayı 17,0 faiz azalmış, əməkhaqqı fondu 23,2 faiz, bir işçiyə hesablanmış nominal orta aylıq əməkhaqqı isə 47,3 faiz artmışdır.

Qiymət indeksləri:

2020-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərinin ötən ilin müvafiq dövrünə nisbətən qiymət indeksi 103,0 faiz təşkil etmişdir. Bu göstərici rayonda istehlak olunan ərzaq məhsulları üzrə 105,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, ödənişli xidmətlər üzrə isə 101,0 faiz təşkil etmişdir.

 

 

Keçidlər