Şriftin ölçüsü :

Saytın rəngi :

Ağamaliyev Şəhriyar Əvəz oğlu

2021/05/mmmm-1621796308.jpg

Şəhriyar Ağamalıyev 1989-cu il, sentyabrın 28-də Hacıqabul şəhərində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Ağamalıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub.

Şəhriyarın həyat yoldaşı Nərminə Ağamalıyeva bildirib ki, Şəhriyar ixtisasca şərqşünas olsa da, könüllü olaraq hərb sənətinə yönəlib: “Biz 2017-ci il, sentyabrın 6-sı ailə həyatı qurmuşuq. Şəhriyar İslam Universitetini bitirib, ixtisasca şərqşünasdır. 2017-ci ilin may ayında ona zabitlik kurslarının başlaması ilə bağlı bildiriş gəldi. Çünki özü könüllü müraciət etmişdi. Zabitlik kursunu bitirdi. İlk təyinatı Goranboya verildi. Təxminən 2-3 aydan sonra isə kəşfiyyatçı kimi Tərtərdəki xüsusi təyinatlı briqadaya təyinat aldı. Daha sonra isə kəşfiyyatçı kimi yenidən Goranboydakı hərbi hissəyə qayıtdı. Şəhriyar sanki hərb üçün yaranmışdı. Həftəsonları evə gələndə danışardı, biz də sevərək onu dinləyərdik.
Döyüşlərin başlamasından bir gün əvvəl gecə mənə zəng etdi və dedi: “Nərmin, mənə təcili kontur göndər, dağa çıxacağam”. Lakin mənə müharibə ilə əlaqədar heç nə demədi. Konturu vaxt tapdıqca mənimlə əlaqə saxlamaq üçün istəyirdi. Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edirdi. İlk döyüş tapşırığını tamamladıqdan sonra, təxminən müharibə başladıqdan 2-3 gün sonra mənimlə əlaqə saxladı və kef-əhval etdi. Şəhriyar taqım komandiri kimi döyüş tapşırığını mükəmməl yerinə yetirdiyi üçün rütbəsini artırmadan bölük komandiri vəzifəsi verilmişdi. Müharibədə olduğu müddətdə təxminən 5-6 dəfə telefonda danışdıq. Müharibə başladıqdan bir gün sonra - sentyabrın 28-si Şəhriyarın ad günü idi. O valideyinləri ilə danışan zaman atasına deyib ki, "ad günümdə 7-8 erməni öldürmüşəm".

Oktyabrın 30-da Suqovuşanda snayperlə vurulub və şəhid olub. Hacıqabul rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. Həm “Vətən uğrunda” , həm də “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib”.

Şəhidin həyat yoldaşı Şəhriyarın əmisinin də I Qarabağ Müharibəsi zamanı şəhid olduğunu qeyd edib: “Bir oğlumuz var, bir həftədən sonra isə qız övladımız dünyaya gələcək. Oğlunun adını “Quran”dan özü seçmişdi və İmran qoymuşdu. Qızının adı üçünsə demişdi ki, gələrəm, birlikdə qərar verərik, amma qismət olmadı. Mən qız övladımızın adını Şəhriyarın adına uyğun Şəhnur qoyacağam, yəni Şəhriyarın nuru. Yəqin ki, oğlu da hərbçi olacaq, mən buna inanıram, çünki o qanın daşıyıcısı ancaq hərbçi doğula bilər. Çünki qəhrəmanlıq onların qanında var. Şəhriyarın əmisi də I Qarabağ Müharibəsi zamanı şəhid olub”.

Qeyd edək ki, Ş. Ağamalıyevin əmisi, Ağamalıyev Daşqın Birinci Qarabağ müharibəsində,31 yaşında, yəni Şəhriyarla eyni yaşda şəhid olub.

Keçidlər